Bir ilin möcüzəsi: "Turan"
Azərbaycan voleybolunda uzun müddətdir gözlənilən hadisə baş verdi. Tovuzun “Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Sonuncu dəfə ölkəmizin qadın voleybol klubları bu turnirin əsas mərhələsində 2016/17 mövsümündə təmsil olunmuşdu. Düz 10 ildən sonra Azərbaycan yenidən Avropanın ən güclü klublarının mübarizəsinə qayıdır. Bu dəfə isə təmsilçimiz paytaxtdan deyil, Tovuzdan gəlir.
Maraqlıdır ki, “Turan”ın tarixi elə də uzağa getmir. Klub 2025-ci ildə yaradılıb və ilk mövsümündə Azərbaycan çempionu olmağı bacarıb. Ancaq bu uğurla kifayətlənmək istəməyən rəhbərlik yeni mövsüm öncəsi heyətdə ciddi dəyişikliklərə gedib: 11 voleybolçu ilə yollar ayrılıb, eyni sayda yeni oyunçu transfer edilib. Kuba millisinin sabiq üzvləri Kenia Carcaces, Wilma Salas və Ana Yilian Cleger, Cənubi Koreyalı bacılar Li Ce Yonq və Li Da Yonq, eləcə də Çin millisinin üzvü Yanq Hanyu komandaya qoşulub. Baş məşqçi Ziya Rəcəbovun sərəncamına beynəlxalq təcrübəsi olan heyət verilməsi Çempionlar Liqası hədəfinin təsadüfi olmadığını göstərirdi.
“Turan” isə bu heyətin gücünü meydanda da göstərdi. Tovuz təmsilçisi ikinci təsnifat mərhələsində Xorvatiyanın “Mladost” klubunu əvvəlcə evdə 3:0, səfərdə isə 3:2 hesabı ilə məğlub etdi. Həlledici mərhələdə Bolqarıstanın “Maritsa”sına qarşı da eyni üstünlük nümayiş etdirildi: səfərdə 3:0, Tovuzda keçirilən cavab görüşündə isə yenə 3:0. Beləliklə, komanda keçirdiyi dörd oyunun hamısında qalib gəldi və heç bir rəqibinə setlərdə üstünlük vermədi.
İndi “Turan”ı qrup mərhələsində daha ağır sınaq gözləyir. D qrupunda təmsilçimizin rəqibləri Türkiyənin “Eczacıbaşı”, İtaliyanın “Savino Del Bene Scandicci” və Serbiyanın “Tent Obrenovac” klubları olacaq. Bu komandalarla oyunlar təsnifat mərhələsindən xeyli fərqli səviyyədə keçəcək. Ona görə də qrupda əsas məqsəd yalnız iştirak etmək yox, özünü Avropa səviyyəsində göstərmək olmalıdır. Bir il əvvəl yaradılan klubun bu qədər qısa müddətdə Çempionlar Liqasının qrupuna yüksəlməsi Azərbaycan voleybolu üçün ciddi hadisədir. İndi əsas məsələ bu uğurun davamlı layihəyə çevrilməsidir.
Akif Əhmədov / SportPost.az