Bağırovun açdığı qapı
“Şamaxı”nın bu mövsüm gördüyü işlərdə Azər Bağırovun bir seçimi xüsusi diqqət çəkir. Baş məşqçi legioner limitinin tətbiq olunmasına baxmayaraq, yerli futbolçulara güvənməkdən çəkinmir. Komandanın heyətində 13 azərbaycanlı futbolçunun yer alması da bunu göstərir. Bağırov üçün əsas məsələ yalnız legionerlərlə nəticə qazanmaq deyil, yerli oyunçulara da özlərini göstərmək imkanı verməkdir.
Bu futbolçular arasında Abdulla Seydəhmədov, Nicat Qaragözlü, Fariz Xeyrullayev, Emin Rüstəmov, Sənan Muradlı, Ceyhun Bağırzadə, Hacıəli Şirəliyev, Emil Süleymanov, Edqar Ədilxanov, Okan Təhməzli, Həbib İsmayılov, Oruc Məmmədov və Uğur Cahangirov var.
Bu yanaşmanın nəticəsi artıq milli komandaların seçimində də görünür. Oruc Məmmədov Azərbaycan millisinin heyətinə dəvət alıb, Ceyhun Bağırzadə isə U-21 yığmasına çağırılıb. Xüsusilə Orucun əsas milliyə dəvət olunması “Şamaxı”da qazandığı şanslardan düzgün istifadə etdiyini göstərir.
Əlbəttə, heyətdə 13 yerli futbolçunun olması onların hamısının eyni dərəcədə oynaması anlamına gəlmir. Amma Bağırovun azərbaycanlı oyunçulara qapını açıq saxlaması vacib məqamdır. Çünki çempionatda nəticə qazanmaqla yanaşı, millinin gələcəyi üçün futbolçu yetişdirmək də klubların üzərinə düşən işlərdən biridir. “Şamaxı”nın digər klublardan fərqli olaraq bu istiqamətdə müəyyən addımların atıldığını görürük.
Akif Əhmədov / SportPost.az