Rəşad Sadiqov: "Hakimin ədalətsiz qərarları nəticəsində qol buraxdıq"

  • Bu gün, 12:09

"Qarabağ"ın U-19 komandasının baş məşqçisi Rəşad Sadiqov UEFA Gənclər Liqasının II təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə oyundan sonra bir qrup jurnalistə müsahibə verib.

- “Dinamo” ilə oyunu necə dəyərləndirərdiniz?

- Doğrudan da, güclü rəqibə qarşı oynadıq. “Dinamo” Avropanın ən yaxşı akademiyalarından biridir. Buna baxmayaraq, mənə elə gəlir ki, ötən illə müqayisədə komandamız bu mövsüm daha yaxşıdır, daha yaxşı mübarizə aparır və daha hazırlıqlı görünür. Mübarizə aparırıq, qol vururuq. Sadəcə, bəzi boşluqlar verdik.

Açıq danışsaq, hakimin ədalətsiz qərarları nəticəsində də qol buraxdıq. Rəqibin hücumu zamanı əvvəlcə aut verildi, sonra qərar dəyişdirilərək top rəqibə verildi. Daha sonra künc zərbəsi təyin olundu və qapımıza qol vuruldu. Bu baxımdan müəyyən ədalətsizliklə üzləşdik.

Buna baxmayaraq, uşaqların yaxşı futbol oynadığını düşünürəm. Bu gün “Barselona” ilə heç-heçə etmiş komandaya qarşı oynadıq və sona qədər mübarizə apardıq.

- Bu oyun növbəti matçlar üçün sizə hansı motivasiyanı verəcək?

- Yenə qeyd edirəm ki, ötən il UEFA Gənclər Liqasının qrup mərhələsində oynayanda rəqiblərimizdən yaş baxımından kiçik idik. Onlar əsasən 2006 və 2007-ci il təvəllüdlü futbolçularla çıxış edirdilər. Biz isə heyətimizdə daha çox 2008, 2009 və 2010-cu il təvəllüdlü oyunçulara yer verirdik.

Düşünürəm ki, ötənilki təcrübə futbolçularımızın daha da püxtələşməsinə kömək edib. Komandamızın hazırda Çempionlar Liqası səviyyəsində belə rəqibə qarşı mübarizə aparması, qorxmadan hücuma çıxması və qol imkanları yaratması inkişafın göstəricisidir.

Qol imkanlarımız oldu, fərqlənə bilərdik. Bu da onu göstərir ki, futbolçularımız inkişaf edirlər və hazırda istənilən rəqibə qarşı oynamaq gücündəyik. Hesabın necə olmasından asılı olmayaraq, komanda bu səviyyədə mübarizə apara biləcəyini göstərdi.

- Komandanız ikinci hissədə bir qədər zəif təsir bağışladı. Bunun əsas səbəblərindən biri fiziki durumla bağlı ola bilərmi?

- Bunun bir neçə səbəbi var. İlk növbədə, fiziki durum amilini qeyd edərdim. İki-üç gün əvvəl çempionat çərçivəsində “Sabah”la oyun keçirmişdik. Bilirsiniz ki, onlar çempionluq mübarizəsində əsas rəqiblərimizdən biridir. Həmin matçdan cəmi üç gün sonra eyni heyətlə belə bir qarşılaşmaya çıxmaq yorucudur.

Futbolçularda yorğunluq hiss olunurdu. Viktorun əvəzlənməsi də bunun göstəricisi idi. Onun ayağı tutulurdu. Matçın sonlarına yaxın kapitanımız Qazıbəyovda da eyni problem yarandı. Oyunun sonlarına doğru qıcolmalar artmışdı.

Bundan başqa, futbolçuları qınamıram. Əksinə, onlara təşəkkür edirəm. Çünki onların universitet və məktəb dərsləri var. Bəziləri altı saat universitetdə olduqdan sonra birbaşa məşqə və ya oyuna gəlirlər. Acqarına, yorğun vəziyyətdə meydana çıxırlar. Bəziləri səhər, digərləri isə axşam təhsil alır. Məşq imkanları da fərqlidir.

Hazırda bu qədər fərqli şəraitdə olan futbolçuları bir araya gətirib meydana çıxarmaq və belə mübarizə aparmaq, məncə, böyük nailiyyətdir.

Birinci hissədə fiziki gücümüz daha çox olduğundan hücumlarımız da daha effektli alınırdı. İkinci hissədə isə bir qədər gücümüz tükəndi. Bunun bir neçə səbəbi var və onların bəzilərini qeyd etdim.

- Azərbaycan çempionatı ilə UEFA Gənclər Liqasındakı oyunlar arasında fərq nə dərəcədə böyükdür?

- Fərq çox böyükdür. Biz həm ötən mövsüm, həm də bu mövsüm çempionatda əsasən eyni heyətlə çıxış edirik. İki mövsümdür ki, rəqiblərimizin əksəriyyətinə qarşı dominant futbol oynayırıq, daha çox hücum edirik.

Burada isə vəziyyət tamamilə fərqlidir. Sən hücum edirsən, rəqib də hücuma çıxır. Hücum qurmaq istəyirsən, rəqib səni hər zonada pressinq altında saxlamağa çalışır. Avropa komandaları ilə yerli çempionatdakı rəqiblər arasında ciddi fərq var.

Bu gün “Barselona” və “Çelsi” kimi klublarla qarşılaşmış, Zaqrebdə keçirilən turnirdə “Real Madrid” və “Mançester” kimi komandaları geridə qoyaraq çempion olmuş rəqibə qarşı oynayırdıq. Belə bir komandaya qarşı bu səviyyədə mübarizə aparmağımız özü də müsbət məqamdır.

- Qapıçının və gənc futbolçuların çıxışını necə qiymətləndirirsiniz?

- Məncə, qapıçımız yaxşı çıxış etdi. Üstəlik, o, futbolçularımızın böyük əksəriyyətindən yaşca kiçikdir. Heyətimizdə 2008, 2009 və hətta 2007-ci il təvəllüdlü futbolçular da var. Buna baxmayaraq, 2010-cu il təvəllüdlü Bəşirov və Uğur da daxil olmaqla, üç belə futbolçu əsas heyətdə meydana çıxmışdı.

Onlar pis oynamadılar. Əksinə, yaxşı performans göstərdilər. Bilalın çıxışını da müsbət qiymətləndirirəm.

Akif Əhmədov / SportPost.az


Paylaş: