"Biz buna layiq komanda deyilik" - MÜSAHİBƏ

  • 3 Noyabr 2026, 21:19

"Şəfa"nın yarımmüdafiəçisi Nihad Quliyev Azərbaycan Premyer Liqasının 11-ci turunun "Araz Naxçıvan"la oyunu öncəsi SportPost.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- "Sumqayıt”la oyunda hesabı açdınız, amma üstünlüyü sona qədər qoruya bilmədiniz. Sizcə, qələbəyə mane olan əsas səbəb nə idi?

- "Sumqayıt"la oyunda önə keçdik, amma sonuna kimi hesabı saxlaya bilmədik. Daha da artıra bilərdik hesabı – yəni 2:0, 3:0. Çoxlu şans qazandıq amma, rəqib qapıçı sayesinde irəli keçə bilmədik. Xeyirlisi, demək ki, bu imiş. Yaxşı rəqibə qarşı oynayırdıq, çünki "Sumqayıt" da həqiqətən yaxşı rəqibdir.

- Komanda son 8 oyunda qələbə qazana bilməyib. Bu müddətdə problem daha çox nədə olub?

- Səkkiz oyundu qələbə qazana bilmirik. Təbii ki, bu bizi çox məyus edir, çünki bilirik ki, biz buna layiq komanda deyilik. Qələbə və qələbələr qazanmalıyıq. İnşallah, bunların hamısını edəcəyik. İndi bizi ardıcıl üç vacib oyun gözləyir – elə rəqiblərdir ki, dişimizə görədir. Çalışacağıq ki, bu üç oyunda qələbə qazanaq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik.

- "Sumqayıt”la heç-heçə məğlubiyyətlərdən sonra komandaya müəyyən rahatlıq gətirdi, yoxsa futbolçular bunu itirilmiş iki xal kimi qəbul etdilər?

- Əlbəttə, qalib gələ bilmirsənsə, məğlub da olmamalısan. Bu günkü heç-heçə də bizim üçün yaxşı nəticədir, amma istəyirdik qələbə qazanaq. Təəssüf ki, qismət olmadı.

- Qarşıda “Araz-Naxçıvan”la oyun var. Turnir cədvəlində sizdən bir pillə aşağıda olan rəqibə qarşı bu matç mövsümün dönüş nöqtəsi ola bilərmi?

- Həqiqətən, bizi "Araz-Naxçıvan"la çox ağır oyun gözləyir. Yəni sonuncu pillədə olmalarına baxmayaraq, həqiqətən çox yaxşı komandadır, çox təcrübəli oyunçuları var. Azarkeşlər üçün də çox yaxşı oyun olacaq, hər kəs üçün maraqlı qarşılaşma olacaq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, qələbə qazanaq. Meydançaya ancaq qələbə üçün çıxacağıq.

- Qarşıdakı oyunlarda azarkeşlər “Şəfa”dan nə gözləməlidir? Komanda artıq nəticələrini dəyişmək üçün konkret nəyi hədəfləyib?

- Azarkeşlərimizə bildirmək istəyirik ki, bizə inansınlar, güvənsinlər, arxamızda dursunlar. Biz də öz payımıza düşəni, yəni əlimizdən gələnin ən artığını edəcəyik ki, onları sevindirək, buna borcluyuq. Komanda ilə bir yumruq olub Allahın köməkliyi ilə istədiyimiz nəticəni əldə edəcəyik.

Akif Əhmədov / SportPost.az


Paylaş: