Olimpiada: Avarçəkmə yarışları təhlükədə

  • 2 Noyabr 2026, 15:39

Avstraliyada 2032-ci il Yay Olimpiya Oyunları çərçivəsində avarçəkmə yarışlarının keçirilməsi planlaşdırılan Fitsroy çayının yaxınlığında iri timsah aşkarlanıb.

SportPost.az xəbər verir ki, hadisə ötən həftəsonu Rokhempton şəhərindəki qolf meydançasında qeydə alınıb. Yerli klubun rəhbərliyi ərazidə olan ziyarətçilərə təhlükə barədə xəbərdarlıq edib. Timsahın görüldüyü məkan gələcək olimpiya yarışlarının keçiriləcəyi çay sahəsindən bir neçə kilometr məsafədə yerləşir.

Avstraliya Avarçəkmə Federasiyasının üzvü Rey Ebert bu hadisəni Olimpiya Oyunlarının təşkilatçıları üçün narahatedici məqam kimi qiymətləndirib. Onun sözlərinə görə, həmin ərazidə timsahlar sonuncu dəfə 2024-cü ilin dekabrında müşahidə olunub.

ABC-nin məlumatına əsasən, hazırda sözügedən ərazi timsahların mütləq şəkildə tutulmalı olduğu A kateqoriyasına daxil deyil. Kvinslend ştatının Ətraf Mühit Departamenti hadisə ilə bağlı araşdırmaya başlayıb.

Bununla yanaşı, Kvinslendin baş naziri Devid Krisafulli avarçəkmə yarışlarının problemsiz təşkil olunacağına əminliyini ifadə edib.

Xatırladaq ki, 2032-ci il Yay Olimpiya Oyunlarına Brisben şəhəri ev sahibliyi edəcək. 2026-cı ilin sentyabrında Fitsroy çayında yarışların keçirilməsi nəzərdə tutulan məkan texniki yoxlamadan keçərək avarçəkmə yarışları üçün təsdiqlənib.

Anar


Paylaş: